22/03/2026
“İsmayıl Şıxlı həm yazıçı, həm müəllim, həm alim, həm ictimai xadim, həm də insan və vətəndaş kimi böyük hörmət qazanmış, xalqımızın tarixində dərin iz, zəngin irs qoymuşdur. Bunların hamısı, şübhəsiz ki, xalqımızın bu günü və gələcəyi üçün əvəzsiz sərvətlərdir”.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
Bu gün Xalq yazıçısı və görkəmli pedaqoq İsmayıl Şıxlının doğum günüdür.
Ehtiramla yad edirik!
İsmayıl Qəhrəman oğlu Şıxlı
(22 mart 1919, İkinci Şıxlı, Qazax – 26 iyul 1995, Bakı)
Nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1949), Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).
"İsmayıl Şıxlı bizim haqq deyən, haqq söyləyən, ədalət deyən, ədalət söyləyən ziyalımızdır. İsmayıl Şıxlı həqiqətən də ağsaqqallığa layiq bir adamdır."
Yusif Səmədoğlu, yazıçı-dramaturq
İsmayıl Şıxlının düşüncə karvanından kəlamlar…
“Müəllim öz xalqı, vətəni, millətinin gələcəyi üçün qəlbini məşəl kimi yandıran, varını, dövlətini on minlərlə tələbənin yetişməsində görən, bu yolda şəxsi məhrumiyyətlərə belə, dözən fədakar insan olmalıdır. Müəllim zəkalarda, qəlblərdə müqəddəslik və müdriklik toxumunu səpən bir qüvvə olmalıdır. Müəllimlik elə sənətdir ki, onun alovundan yanan şamlar çox uzaqlarda şölələnir. Müəllimin qəlbindən od alan tələbələr bu hərarəti özləri ilə aparır, ən uçqar guşələrdə belə onu qoruyur, həmin hərarətlə başqalarının qəlbində, zehnində qığılçımlar yaradır.
Əziz müəllimlər, gəlin göylərdən od gətirən Prometey kimi fədakar olaq”.
Müəllimlik çox müqəddəs, ülvi və çətin bir sənətdir. Bu elə bir sənətdir ki, cəmiyyət ona hələ dünya görüşü, həyat anlayışı formalaşmayan, pak, təmiz bir nəslin, öz gələcəyinin tərbiyəsini tapşırır.
Ziyalı hər şeydən əvvəl mənəvi kübar olmalıdır. Bu kübar onun zahiri əlamətləri ilə yox, mənəvi zənginliyi ilə şərtləşməlidir. Bu mənəvi zənginliyi isə mən ilk növbədə, onun yüksək amalında görürəm.