19/07/2022
Abdal-Gülablı Sanatoriyası
Abdal-Gülablı kəndi doğma Qarabağımızın dilbər güşələrindən biri Ağdamdan 18 kilometr məsafədə, Qarabağ silsiləsinin şimal ətəyində yerləşir. Bu kəndlərin adları həmişə qoşa çəkilib. Füsunkar təbiəti, saf havası, sərin bulaqları, zümrüd meşələri, şəfalı bitkiləri olan Abdal-Gülablıda hələ onun işğalından əvvəl sanatoriya fəaliyyət göstərib. Abdal-Gülablı demək olar ki, ölkəmizin ən şəfalı yaşayış məskənlərindən biridir. Təəssüflə qeyd etmək istərdik ki, Abdal-Gülablı sanatoriyası işğal vaxtı tamamilə məhv edilmişdir.
Bureau of Architects&Designers studiyasının növbəti layihəsi tarixən məşhur olan Abdal-Gülablı sanatoriyasının yeni konsept modeli barəsindədir. Məlumat üçün qeyd edək ki, sanatoriya əsasən havasına görə fərqlənib. Abdal-Gülablının bol oksigenli təmiz dağ havası oranı digər yerlərdən əhəmiyyətli dərəcədə fərqləndirir. Eyni zamanda, kəndin coğrafi mövqeyi və burada olan turizm üçün potensial, kəndi daha da yadda qalan edir. Bütün bunları nəzərə alaraq təklif olunan konsept layihədə insanların istirahəti üçün lazımi şərait nəzərdə tutulur.
Layihədə qonaqların ilin bütün fəsillərində dincəlməsi üçün kotectipli şəraitli evlər, maşınların saxlanılması üçün rahat dayanacaq yeri, insanların təbitədə gəzintisi üçün xüsusi park, onların müalicəsi üçün SPA Sağlamlıq mərkəzi nəzərdə tutulur. Qonaqlar SPA Sağlamlıq Mərkəzindən istifadə edərək öz sağlamlıqlarının qayğılarına qala bilərlər. Qonaqların sanatoriya ərazisini seyr etməsi üçün xüsusi maşınlar nəzərdə tutulur.
Qeyd edək ki, təqdim olunan “Abdal-Gülablı sanatoriyası” sadəcə konsept layihədir.